Göydən qoz yağır nağılı

✍️ Rafiq İsmayılov📖 Nağıl🎬 Cizgi film

Nağılın mətni

Günlərin bir günü dovşan daşın üstündə oturmuşdu. Birdən başına bir qoz düşdü . Yaman ağrıtdı.

Dovşan təəccüblü şəkildə ətrafa baxdı. Ətrafda heç bir qoz ağacı görmədi. Fikirləşdi ki, yəqin göydən düşüb. Dovşan oradan uzaqlaşdı.

O, ayının yanına gəlib dedi:

- Ay Yastıdaban, xəbərin var, göydən qoz yağır?

-Ola bilməz!

-Doğru sözümdür. Biri də mənim başıma düşdü.

Ayı da meşədə gəzərkən Tülkü ilə rastlaşdı. Ayı bu xəbəri Tülküyə çatdırdı:

-Tülkü lələ ehtiyatlı ol! Dovşan deyir, göydən qoz yağır.

-Nə danışırsan? Elə şey olar?

-Mən də inanmırdım. Amma dovşan əminliklə belə deyir.

Tülkü də fikirləşdi ki, sincab bu xəbərə sevinəcək. Ona görə də, tez özünü Sincabın yanına yetirdi:

-Ay sincab, eşitmisən, göydən qoz yağır?

-Doğrudan?

-Hə, biri də dovşanın başına düşüb.

Sincab bu xəbərdən məmnun oldu. O, budaqdan-budağa tullanaraq qışqırmağa başladı:

-Göydən qoz yağır. Göydən qoz yağır…

Sincab birdən bir Qarğaya rast gəldi. Ona dedi:

-Qarğa qardaş, deyirlər göydən qoz yağır. Biri də Dovşanın başına düşüb.

-Ay axmaq o qozu mən atmışdım ki, daşa dəyib sınsın, ləpəsini yeyim. O da dovşanın başına dəydi. Qoz sınmadı, ancaq, deyəsən , dovşanın başı xarab oldu.

-Niyə başı xarab olsun?

-Heç göydən də, qoz yağar? Ya ağacdan düşmüş olar, ya da biri atmış olar.

Yeni nağıllar üçün abunə ol Bütün nağıllar